.69.
əl-Haqqə (Haqq olan qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 52 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Geri qayitəl-Haqqə (Haqq olan qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 52 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- Haqq olan qiyamət!
- Nədir qiyamət?!
- Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
- Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
- Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
- Ad (qövmü) isə uğultulu, çox (soyuq və) şiddətli bir küləklə tar-mar oldu.
- Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
- İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
- Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.
- Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.
- Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.
- Ona görə ki, bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!
- Sur bircə dəfə üfürüləcəyi;
- Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
- Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
- Və (göy) süst düşüb parçalanacaqdır!
- Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
- O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
- Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun!
- Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!”
- Bundan belə o, xoş güzəran içində,
- Yüksək bir Cənnətdə olacaqdır.
- (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
- (Onlara belə deyiləcəkdir: ) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!”
- Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi!
- Hesabımın nə olduğunu bilməyəydim!
- Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
- Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).
- Mülküm (səltənətim) də məhv olub getdi!”
- (Allah dərgahından belə bir nida gələcəkdir: ) “Onu tutub qandallayın!
- Sonra da Cəhənnəmə atın!
- Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
- Çünki o, böyük olan Allaha inanmırdı.
- O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmir, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.
- Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
- İrindən başqa bir yeməyi də yoxdur.
- Onu ancaq günahkarlar yeyər!”
- And içirəm gördüklərinizə,
- Və görmədiklərinizə ki,
- Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!
- O, şair sözü deyildir! Nə az inanırsınız!
- O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!
- O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
- Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi,
- Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!
- Sonra onun şah damarını qopardardıq!
- Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.
- Şübhəsiz ki, bu (Quran) müttəqilərə bir öyüd-nəsihətdir.
- (Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.
- Şübhəsiz ki, bu (Quran) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
- Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir.
- Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!