.82.
əl-İnfitar (Parçalanma) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Geri qayitəl-İnfitar (Parçalanma) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- Göy parçalanacağı zaman;
- Ulduzlar dağılıb səpələnəcəyi zaman;
- Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;
- Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;
- Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!
- Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?
- O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
- Sənə Özü istədiyi surətdə biçim verdi.
- Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
- Sizin üstünüzdə gözətçi mələklər -
- (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.
- Onlar sizin nə etdiklərinizi bilirlər.
- Həqiqətən, yaxşı əməl və itaət sahibləri (möminlər) Cənnətdə qərar tutacaqlar.
- Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.
- Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.
- Onlar əsla oradan çıxan deyillər!
- (Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!
- Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət!)
- O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!