.89.
əl-Fəcr (Dan yeri) surəsi
(Məkkədə nazil olmuşdur, 30 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Geri qayitəl-Fəcr (Dan yeri) surəsi
(Məkkədə nazil olmuşdur, 30 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- And olsun dan yerinə;
- And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);
- And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
- And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
- Məgər bunlarda (qiyamətin haqq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
- (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!
- Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
- (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
- (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!
- Eləcə də saysız-hesabsız ordular sahibi Firona?!
- O kəslər ki, məmləkətlərdə tüğyan edir,
- Oralarda çoxlu fitnə-fəsad törədirlər.
- Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
- Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
- İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.
- Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.
- Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).
- Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
- Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).
- Mal-dövləti isə lap çox sevirsiniz.
- Xeyr! Yer dağılıb parça-parça olacağı;
- Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
- Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
- O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.
- O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
- (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!
- (Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)
- Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
- (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
- (Onlarla birlikdə) Cənnətimə varid ol!”